Məlum olduğu kimi, 1 oktyabr 2021-ci il tarixindən etibarən "Elektron məhkəmə" informasiya sisteminə qoşulmuş məhkəmə aktlarından apelyasiya və kassasiya şikayətləri yalnız elektron qaydada qəbul edilir. Lakin, sözügedən informasiya sistemində yaranan bəzi texniki problemlər vəkillərimiz haqlı narahatlığına səbəb olmuşdur.
Bununla əlaqədar, 01.11.2021-ci il tarixində Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının rəhbər şəxslərinin iştirakı ilə “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusunda konfrans keçirilmişdir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Büro rəhbərlərinin və 200-dək vəkilin iştirak etdiyi tədbirin açılışında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, tədbirin moderatoru Aynur Sabitova çıxış edərək məhkəmə fəaliyyətində rəqəmsal innovasiyaların, o cümlədən elektron məhkəmənin tətbiqinin əhəmiyyətini, onun şəffaflığa və vətəndaş məmnunluğuna, həmçinin vəkillər və hakimlər arasında prosessual münasibətlərin səmərəli həyata keçirilməsinə xidmət etdiyini qeyd ediblər.
Sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillikdə innovasiyaların tətbiqi - elektron xidmətlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. O qeyd etmişdir ki, vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün, Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılmışdır. Həmçinin, hər bir vəkil üçün elektron kabinet istifadəyə verilmiş, Kollegiyanın rəsmi sənədləri və vəkillərə aid sənədlər həmin bölmədə yerləşdirilmişdir. 2020-ci ildə Pandemiya səbəbilə, karantin rejimi nəzərə alınmaqla "LegalAid" elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilmişdir. Həmçinin, vəkil sorğularının elektron formada əldə olunması üzrə Ədliyyə Nazirliyi ilə işlər davam etdirilməkdədir. “Davamlı tədris üzrə” elektron platforma ilə bağlı işlər isə yaxın zamanda vəkillərin istifadəsinə təqdim olunacaqdır.
Anar Bağırov eyni zamanda qeyd etmişdir ki, artıq ödənişsiz hüquqi yardımlar – yəni Pro Bono-lar ənənəvi qayda ilə yanaşı həmçinin onlayn qaydada da aparılır. Həmçinin, Kollegiyanın Aparatı daxilində bütün kargüzarlıq və sənəd mübadilsi elektronlaşdırılmışdır. Ötən dövrdə vəkilliyə qəbulla bağlı sənəd qəbulu elektronlaşdırılmışdır. Belə ki, ixtisas imtahanının yazılı test mərhələsinə sənədlər ənənəvi qayda ilə yanaşı onlayn qaydada da qəbul edilir. Eyni zamanda dövlət hesabına göstərilən hüquqi yardımlarla bağlı qərarlar məhkəmələrdən HYTM-ə onlayn qaydada göndərilir. Bu qərarlar həmçinin HYTM-dən bürolara və fərdi vəkillərə VK-nın saytdındakı şəxsi kabinet vasitəsilə onlayn qaydada göndərilir.
Sonra nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov və İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı tərəfindən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və əhəmiyyətinə, sistem vasitəsilə məhkəmə monitorinqinin aparılmasına, ondan istifadə təcrübəsinə və praktiki çətinliklərə, e-məhkəmə çərçivəsində vəkillər üçün yaradılmış xidmətlərə dair çıxışlar edilib.
Tədbirdə məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və s. imkan verən “Mobil məhkəmə” tətbiqi, “süni intellekt”dən istifadə, intellektual idarəetmə və digər rəqəmsal yeniliklər barədə məlumat verilib. E-məhkəmə sistemində “şəxsi elektron kabinet” vasitəsilə apellyasiya şikayətlərinin elektron qaydada təqdim edilməsi imkanları əyani nümayiş etdirilib.
Səmimi və konstruktiv dialoq şəraitində keçən tədbirdə elektron məhkəmə sisteminin funksionallığının artırılması, texniki və proqram təminatının təkmilləşdirilməsi, ondan istifadə imkanlarının sadələşdirilməsi və s. ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb, vəkilləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Həmçinin, vəkillərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Ədliyyə Akademiyasında təlimlərin təşkili, o cümlədən təlimçi vəkillərin hazırlanması, vəkilliyə namizədlərin tədris kursuna müvafiq mövzuların daxil edilməsi qərara alınmışdır.
Eyni zamanda qeyd etmək istərdik ki, müşavirədən əvvəl bütün vəkillərə “Elektron Məhkəmə”dən istifadə zamanı rastlaşdıqları problemlər, təkliflər barədə məlumatların Kollegiyaya bildirilməsi ilə bağlı müraciət olunmuşdur. Vəkillər tərəfindən qeyd edilən məsələ ilə əlaqəli Kollegiyaya göndərilən təkliflər, qeydlər, iradlar ümumiləşdirilmiş və onların bir qismi videokonfrans zamanı səsləndirilmişdir.
Müşavirənin sonunda vəkillər tərəfindən verilmiş bütün təkliflərin, iradların ümumiləşdirilərək Ədliyyə Nazirliyinə təqdim edilməsi razılaşdırılmışdır.