04.11.2021-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qarşıdan gələn 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin birinci ildönümünü – Zəfər Günü və Dövlət bayrağı günü münasibətilə bütün vəkilləri və iclas iştirakçılarını səmimi qəlbdən təbrik etmişdir.
Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı əvvəllər vəkil və ya hakim olmuş 8 vəkilliyə namizəd vəkillik haqqında qanunvericiliyin tələblərinə əsasən, icbari təlimə cəlb olunmadan onlayn qaydada and içərək vəkilliyə qəbul edilmişdir.
Sonra iclasda Milli Məclisin deputatı Kamal Cəfərovun Bakı Dövlət Universitetinin Hüquq fakültəsi kitabxanasının təmiri haqqında müraciətə baxılmış və kitabxananın təmiri və yenidən bərpası məqsədi ilə vəkilliyin inkişaf fondundan ianənin ayrılması ilə bağlı qərar qəbul edilmişdir.
İclasda həmçinin Azərbaycan Respublikası Mediasiya Şurasının fəaliyyətinə dəstək verilməsi ilə bağlı müraciəti nəzərə alınaraq Şuranın təsisçilərindən biri kimi mediasiyanın normal fəaliyyətinin təşkili üçün ianənin göstərilməsi ilə bağlı müsbət qərar qəbul edilmişdir.
Həmçinin iclasda bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.