100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Dünyada ilk "Dünya Vəkil Cübbələri və Atributları" sərgisinin açılış mərasimi keçirildi

18 December 2021    1716 share share

Azərbaycan vəkillərinin peşə bayramı olan 28 dekabr - Vəkil Günü ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi və “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun təşkilatçılığı ilə dekabrın 17-də Muzey Mərkəzində “Dünya vəkil cübbələri və atributları” sərgisi açılıb.

Sərginin açılış mərasimində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Nurlan Həsənov, Dövlət Sərhəd Xidmətinin rəis müavini Abbas Xəlilov, Daxili İşlər Nazirinin müavini Fazil Quliyev, Məhkəmə Hakimləri İctimai Assosiasiyasının və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev, Mediasiya Şurasının sədri Nadir Adilov, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev və digər vəzifəli şəxslər iştirak etmişlər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov sərgidə çıxış edərək bildirib ki, bu geniş kolleksiyanın vəkillərimiz, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları, gənc hüquqşünaslar, ümumən yerli və xarici hüquq ictimaiyyəti üçün böyük maraq doğuracaq: “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22.02.2018-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var.

Ölkə başçısı tərəfindən sözügedən Sərəncamla, həmçinin digər aktlarla vəkilliyə göstərdiyi diqqət və qayğı, fəaliyyətimizə verilən yüksək qiymət, göstərilən böyük etimad olmuşdur. Kollegiyanın üzvləri tərəfindən vəkilliyin nüfuzunun artırılması məqsədilə öz gözəlliyi, rənglərinin harmoniyası ilə seçilən bu xüsusi geyimimizi məhkəmələrdə fəxr və qürur hissi ilə geyinilərək hüquq müdafiə fəaliyyətini həyata keçirirlər. Ölkəmizin tanınmış vəkillərindən olan Kamandar Nəsibov tərəfindən vəkiliyin inkişafına və nüfuzunun artırılması işinə verilmiş töhfələrdən biri də onun xarici ölkələrin cübbələrini (mantiyalarını) toplayaraq böyük bir kolleksiya, daha doğrusu muzey yaratmasıdır. Hazırda dünyada vəkil cübbələrindən (mantiyalarından) ibarət olan ilk və tək muzey Fransada yerləşsə də, tam əminliklə deyə bilərik ki, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda təşkil olunmuş bu muzey eksponatların sayı, saxlanma şəraiti və zənginliyi ilə hər zaman daha yüksək zirvədə olacaq".

Sərgidə “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun kolleksiyasında yer alan müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları nümayiş olunur. Burada, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları sərgilənir. Eksponatlar arasında dünyanın müxtəlif ölkələrindən gətirilmiş 70-dək vəkil və hakim cübbəsi yer alır.

Ölkəmizin tanınmış vəkillərindən olan Kamandar Nəsibov tərəfindən vəkilliyin inkişafına və nüfuzunun artırılması işinə verilmiş töhfələrdən biri də xarici ölkələrdən gətirilmiş hakim və vəkil cübbələrindən (mantiyaları) ibarət böyük kolleksiya-muzeyin yaradılmasıdır. Hazırda dünyada vəkil cübbələrindən ibarət olan ilk və yeganə muzey Fransada yerləşsə də, “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunda təşkil olunmuş bu kolleksiya-muzeyin daha da genişləndirilməsi planlaşdırılır. Bunun üçün müxtəlif ölkələrin Vəkillər kollegiyaları ilə danışıqlar davam etdirilir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunda Dünya Vəkillik tarixinin simvolu olan “Dünya Vəkil Cübbələri və Atributları Muzeyi” yaradılmış və dünyanın müxtəlif ölkələrindən Vəkil cübbələri (Mantiya) gətirilmişdir. Muzeydə olan Cübbələr müxtəlif ölkələrin Vəkil Kollegiyaları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Səfirlikləri və xarici ölkələrdə yaşayan həmyerlilərimizin dəstəyi və səyi nəticəsində əldə edilmişdir. Muzey gənc hüquqşunaslar və tələbələr üçün əhəmiyyətli məlumat mənbəyi olacaqdır. Dekabr ayının 17-29 tarixləri arasında Muzey Mərkəzində Dünya Vəkil Cübbələri və atributları sərgisi keçiriləcək.