Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ONLAYN-MƏSLƏHƏT

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin VIII bəndinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.
Namizədin vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı mərhələsində iştirak etməməsi qanunvericiliyin bu müddəası çərçivəsinə aid edilmədiyindən, bu xüsus vəkilliyə qəbulla bağlı keçiriləcək növbəti imtahanlarda iştirak etmək üçün heç bir maneə təşkil etmir.
Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı yazılı imtahanın təşkili və keçirilməsi bilavasitə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməkdədir. Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalara əsasən, yazılı test imtahanı zamanı namizədlər tərəfindən yol verilmiş texniki səhvlər, o cümlədən cavabların sual kitabçasından cavab kartına yanlış köçürülməsi, yaxud köçürülməməsi halları namizədin xeyrinə nəzərə alınmamaqdadır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Eyni zamanda, “sosial sığorta stajı” dedikdə, iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) sığorta stajına daxil edilən dövrləri kimi başa düşülür.
Beləliklə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti fərdi sahibkar qismində fəaliyyət göstərən, son 3 il ərzində müntəzəm qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən ali təhsilli hüquqşünasların Vəkillər Kollegiyasına üzv olmaq üçün sənədlərinin qəbul edilməsini mümkün hesab etmişdir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin I bəndinə əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər.
Qanunvericiliyin qeyd olunan müddəasına əsasən hüquqşünas ixtisası üzrə iş stajının hesablanması ali təhsil müəssisəsinin hüquqşünaslıq ixtisası üzrə müvəffəqiyyətlə başa vurulduğu andan hesablanmalıdır. Belə ki, hüquqşünaslıq üzrə müvafiq ixtisasa yiyələnmədən şəxsin həmin ixtisas üzrə peşə fəaliyyəti ilə məşğul olması mümkün hesab edilə bilməz.
Əlavə olaraq qeyd etmək istəyirik ki, vəkilliyə qəbulla bağlı müəyyən olunmuş bu tələb ədliyyə, prokurorluq orqanları, habelə Azərbaycan Respublikasının məhkəmələrinə işə qəbul qaydalarında da əks olunmaqdadır.
Aydın olur ki, Sizin müvafiq iş stajınız ali təhsil müəssisəsini hüquqşünas ixtisası üzrə müvəffəqiyyətlə bitirdiyiniz tarixdən hesablanmalıdır.
Odur ki, ali təhsil aldığınız müddət ərzindəki əmək fəaliyyətiniz sözügedən iş stajı müddətinə aid edilə bilməz.