Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

NMR VƏKİLLƏR KOLEGİYASI

Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası

8 yanvar 2008-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinin I hissəsinə və Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinin VI hissəsinə əsasən 9 aprel 2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında faktiki fəaliyyət göstərən 8 vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası təsis edilmişdir.

Naxçıvan Muxtar Respublikasında da vəkillik fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Qanunu təşkil edir. “Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənməyən vəkillik fəaliyyəti ilə bağlı, o cümlədən vəkillik, vəkilliyin vəzifələri, vəkillik fəaliyyəti, vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, vəkilliyin rəmzləri, vəkillərin davranış qaydaları, vəkillərin xüsusi geyim formasının təsfiri, vəkillərin peşə hazırlığı və ixtisasının artırılması, vəkil sirri, vəkil etikası, vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi, dövlət hesabına hüquqi yardımın göstərilməsi, vəkillərin pensiya təminatı, əcnəbilər tərəfindən hüquqi yardımın göstərilməsi və digər məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir (“Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunun 11-ci maddəsi).

Vəkillərin davranış qaydalarını, vəkilliyin rəsmi emblemini və vəkillərin xüsusi geyim formasının təsvirini təsdiq etmək səlahiyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağına (konfransına) aiddir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin 7 dekabr 2017-ci il tarixdə keçirdiyi konfransda qəbul edilmiş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü olan vəkillər üçün də imperativ qüvvəyə malikdir.

Təsis olunduqdan sonra Naxçıvan MR Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağı və Rəyasət Heyəti tərəfindən müvafiq olaraq Vəkillər Kollegiyasının Nizamnaməsi, “Vəkillərin İxtisas Komissiyası haqqında” Əsasnamə, “Vəkillərin İntizam Komissiyası haqqında” Əsasnamə, “Naxçıvan MR Vəkillər Kollegiyası üzvlərinin Xidməti vəsiqəsi haqqında” Əsasnaməsi, “Vəkilliyə namizədlərlə ixtisas imtahanlarının keçirilməsi və namizədlərin Vəkillər Kollegiyasının üzvlüyünə qəbulu barədə” Qaydaları və digər sənədlər qəbul edilmiş, Vəkillərin İntizam və İxtisas Komissiyaları yaradılmış, Elmi-məsləhət Şurası təsis edilmişdir.

Naxçıvan MR Vəkillər Kollegiyası təsis olunduqdan sonra ilk dəfə 22 dekabr 2008-ci il tarixdə, daha sonra isə 2013, 2014, 2023-cü illərdə “Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunun tələblərinə uyğun olaraq kollegiya üzvlüyünə qəbul məqsədilə müsabiqə elan olunmuşdur.

Hazırda kollegiyanın 29 üzvü var.