Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Parisdə azərbaycanlı vəkilin kitabının təqdimatı keçirilib

04 aprel 2023    235 share share

"Martın 28-də Fransanın paytaxtı Parisdə keçirilən "Sumqayıt, SSR-nin süqutunun başlanğıcı" adlı kitabımın təqdimatı çox böyük maraqla qarşılandı. Tədbirdə iştirak edənlər Sumqayıt hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini bildirdilər".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Aslan İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə tarixçilər, diplomatlar, jurnalistlər, vətəndaş cəmiyyətlərinin üzvləri və digər şəxslər iştirak ediblər.

"2010-cu ildə işıq üzü görən kitab indiyədək rus, ingilis, türk və alman dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkələrində yayılmışdı. Kitabın fransız dilinə tərcümə olunması isə Türkiyədə yaşayan azərbaycanlı iş adamıTaleh Bağıyevin təşəbbüsü ilə baş tutdu. Kitab fransız dilində "Visible" nəşriyyatı tərəfindən çap olundu. Təxminən 3 saatadək davam edən təqdimat mərasimində Sumqayıt hadisələrinin səbəbləri və təşkilatçıları haqqında məlumat verdim, eyni zamanda tədbir iştirakçılarının suallarını cavablandırdım. Xeyli sayda kitab mənim imzamla qonaqlara təqdim olundu. Düzünü desəm, kitabın bu qədər maraqla qaşılanacağını gözləmirdim. Hətta tədbirdən sonra da xarici jurnalistlər mənim əlaqə saxlayıb bu kitab və orada bəhs olunan hadisələr barədə maraqlanırdılar", - deyə müəllif qeyd edib.

A.İsmayılov kitabın yaxın gələcəkdə Londonda da təqdimatının keçirilməsinin gözlənildiyini bildirib.