02 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Ali Məhkəməsi tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti müzakirəsi keçirilmişdir.
Tədbirdə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyü” mövzusu üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov təqdimatla çıxış etmişlər.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtləri və iddianın dəyişdirilməsi, yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin davamlı tədrisinin, vəkillər və hakimlər arasında elmi-praktiki müzakirələrin təşkilinin əhəmiyyəti və s məsələlər ilə bağlı fikir söyləmişdir.
Daha sonra inzibati icraatda məhkəmə aidiyyəti, mümkünlük şərtləri, müxtəlif iddia növləri üzrə iddianın xüsusi mümkünlük şərtləri, dəyişdirilmiş iddiaların mümkünlüyü məsələsi ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.