10 dekabr tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)-nin hakimi Lətif Hüseynov və Avropa Şurası (AŞ) Katibliyinin baş hüquqşünası Xaqani Quliyev tərəfindən onlayn qaydada interaktiv təqdimat keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK)-nın üzvləri, icbari təlimdə iştirak edən vəkilliyə namizədlər, Ədliyyə Akademiyasının nümayəndələri, Bakı Dövlət Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının tələbələri iştirak etmişdir.
AŞ “Səlahiyyətlərin gücləndirilməsi və əməkdaşlıq layihələri” şöbəsinin Gender Bərabərliyi bölməsinin nümayəndəsi Pərvanə Bayramova “Beynəlxalq İnsan Haqları Günü” münasibətilə hüquq mütəxəssislərini təbrik etmiş, tədbirin əhəmiyyətini qeyd etmişdir.
AİHM-in hakimi Lətif Hüseynov üzv dövlətlərdə hüququn aliliyi, hüquqi dövlət, insan hüquqları və hakimiyyətlərin bölünməsi prinsipinin vacibliyini bildirmiş, dövlətdaxili hüququn hüquq mütəxəssisləri tərəfindən düzgün tətbiq edilməsinin mühüm əhəməyyət kəsb etdiyini bildirmişdir.
Hakim əlavə etmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasına 16 saylı Protokolun Azərbaycan tərəfindən imzalanması, insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq mexanizmlərin dövlətdaxili hüquqda mühüm rol oynadığını göstərir.
Daha sonra, Xaqani Quliyev Konvensiyanın qəbulunun İnsan Hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli addım olduğunu, Məhkəmənin keçmiş strukturu, Konvensiyaya 14 saylı Protokolla edilmiş struktur dəyişiklikləri, tək hakimin Məhkəməyə edilən müraciətlərin qəbuledilənliyində rolunu vurğulamışdır. Bundan başqa, hüquqşünas Məhkəmənin təşəkkül təcrübəsi əsasında dostcasına həll, üzv dövlətlərin siyasi iradəsinin ərizələrə dostcasına həll yolu ilə baxılması və işlərin siyahıdan çıxarılması, Konvensiyaya 15 saylı Protokolla Məhkəməyə müraciətlərin 6 aylıq müddətdən 4 aya endirilməsi, Azərbaycan hökumətinə qarşı edilən müraciətlərin statistikası barədə məlumat vermişdir.
Sonda iştirakçılar sualları təqdimatçılar tərəfindən cavablandırılmışdır.