Qazaxıstan Respublikası Ali Məhkəməsinin bir qrup hakimi Azərbaycana işgüzar səfərə gəlib. Dekabrın 20-də qazaxıstanlı hakimlər səfər çərçivəsində Muzey Mərkəzində Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşmüşlər.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib.
Anar Bağırov bildirmişdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu islahatlar çərçivəsində vəkillik sahəsində də bir sıra mütərəqqi islahatlar aparılmışdır.
Daha sonra A.Bağırov Vəkillər Kollegiyasının fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, son illər Azərbaycanda vəkilliyin nüfuzu artıb, gənc hüquqşünaslar arasında vəkillik peşəsinə böyük maraq yaranıb. Vəkillik cəmiyyətin etimadını qazanıb və Azərbaycanda güclü təsisatlardan birinə çevrilib.
Bundan başqa, görüş zamanı inzibati icraat və inzibati prosessual hüququn islahatları, yeni inzibati hüququn tətbiqi və inkişafı ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunub. Qonaqlar həmçimin inzibati icraat sahəsində vəkillərin mövqeyi ilə də tanış olublar.
Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Qonaqlar həmçinin Muzey Mərkəzində "Dünya Vəkil Cübbələri və Atributları” sərgisi ilə tanış olublar. Sərgi qazaxıstanlı hakimlərin böyük marağına səbəb olub.