Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycanlı vəkil İsveç Miqrasiya İdarəsi tərəfindən miqrasiya işləri üzrə İctimai müdafiəçi kimi təsdiq olunmuşdur

04 avqust 2022    1060 share share

Çox sevindirici haldır ki, bu yaxınlarda Vəkillər Kollegiyasının üzvü Ruhiyyə İsayeva İsveç Miqrasiya İdarəsi tərəfindən miqrasiya işləri üzrə dövlət hesabına təyin oluna bilən İctimai müdafiəçi kimi təsdiq olunmuşdur. Bildirmək istərdik ki, Ruhiyyə xanım İsveçdə İctimai müdafiəçi kimi təsdiq olunan ilk Azərbaycanlı vəkildir.
 
Qeyd etmək istərdik ki, Ruhiyyə İsayeva 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, fəaliyyət göstərdiyi müddət ərzində keyfiyyətli və səmərəli vəkillik fəaliyyətinə görə Vəkillər Kollegiyası tərəfindən Fəxri Fərman və Təşəkkürnaməyə layiq görülmüşdür. O ingilis, isveç, rus və türk dillərini bilir.
 
Vəkillər Kollegiyası olaraq biz çox şadıq ki, artıq soydaşlarımızı İsveç Miqrasiya İdarəsində doğma Azərbaycan dilində təmsil edə biləcək təcrübəli Azərbaycanlı bir hüquqşünas fəaliyyət göstərəcək. 
 
Qeyd edək ki, Ruhiyyə İsayeva İsveçin Lund Universitetində Beynəlxalq İnsan Hüquqları üzrə Magistr proqramında təhsil almış və bu yaxınlarda İsveçin Uppsala Universitetinin İnvestisiya Sazişlərinin Arbitrajı üzrə Magistr proqramından məzun olmuşdur. 
 
Vəkillər Kollegiyası adından Ruhiyyə xanıma gələcək fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzu edirik!